×

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti  olan (o cümlədən ölkə daxilində olduğu yeri dəyişdikdə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hər hansı dövlət rüsumu ödəmədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmaq üçün qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyətinə və ya mənzilin, digər yaşayış sahəsinin sahibinə müraciət etməlidir.

Elektron vizada göstərilən müddətdən artıq ölkə ərazisində qalan və ya olduğu yer üzrə qeydiyyata alınmayan (15 gündən artıq qaldıqda) yaxud bir yerdən başqa yerə getdikdə olduğu yer üzrə qeydiyyat qaydalarına (yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində qeydiyyata alınmaya)  əməl  etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər (Bu qaydaların pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur).

Elektron viza əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada əmək vizası (ölkədə qalma müddəti 90 günədək müəyyən edilir) almalıdırlar.

Azərbaycan Respublikasının ərazisində həm müvəqqəti yaşamaq, həm də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması.

 

Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər.

 

Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.

 

Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması  və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

 

Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respubikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir.

 

Əcnəbilər və vətəndaşlığı olmayan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının qanuni tələblərinə əsasən, şəxsiyyətlərini təsdiq edən, habelə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmalarını və ya yaşamalarını təsdiq edən sənədləri təqdim etməlidirlər.