×
ATAA üzvlərinə Turizm Reyestrinin prinsip və mexanizimləri təqdim olunub
İyulun 14-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə Turizm İnformasiya Sisteminin (Turizm Reyestri) prinsip və mexanizimləri nümayiş olunub.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən görüşdə üzv şirkətlərə ölkə üzrə vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sistemində qeydiyyatdan keçmə mərhələləri və prosedurları izah edilib, qeydiyyat zamanı meydana çıxan çətinliklərin aradan qaldırılması məsələləri müzakirə olunub.
Görüşdə Reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmçinin həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırılıb.
Sonda turizm sənayesi nümayəndələrinin Turizm İnformasiya Sistemi haqqında sualları cavablandırılıb.
Qeyd edək ki, Turizm İnformasiya Sistemi dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması kimi çıxış edir. Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq və etibarlı məlumatların toplanması və ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir.